“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında tütün əkini kampaniyası əsasən başa çatıb. Builki mövsümdə cəmiyyət tərəfindən həmin rayonlarda 1527,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.
Qurumun rəsmisi bildirib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 195 fermerlə müqavilə bağlanılıb. Əkin kampaniyası zamanı Şəki rayonunda 598,46 hektar, Qaxda 283,9 hektar, Zaqatalada 398,83 hektar, Balakəndə isə 246,27 hektar sahəyə tütün şitilləri köçürülüb.
Hazırda tütün sahələrində becərmə işləri aparılır. Təsərrüfatlarda yaşıl tütün yarpağının dəriminə iyunun 25-dən sonra başlanılması nəzərdə tutulur.