Yevlax kümçüləri bu günədək 2587 kiloqram barama tədarük ediblər

Yevlax rayonunda barama tədarükü davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Yevlax rayonunda 275 kümçü tərəfindən 600 qutu (11 min 400 qram) ipəkqurdu toxumu yetişdirilib. Kümçülər ipəkqurduların bəslənməsində heç bir çətinlik çəkməyiblər. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-cı ildə rayon ərazisində 95 min, 2017-ci ildə 53 min, 2018-ci ildə 35 min, ötən il isə 39 min 200 ədəd tut tingi əkilib. Kümçülər də yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından istifadə ediblər. Onlar artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu günədək kümçülərin yetişdirdikləri 2587 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Qeyd edək ki, Yevlax rayonunda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən başlayaraq yenidən bərpa edilməyə başlanılıb. 2017-ci ildə rayonda 5,5 ton, 2018-ci ildə 11 ton, 2019-cu ildə 7,54 ton barama istehsal olunub. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər