Tərtərli kümçülər bu günədək 2711 kiloqram barama tədarük ediblər

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bir neçə gündür ki, barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 2711,3 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayon kümçülərinə 500 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurduların bəslənməsində heç bir çətinlik çəkməyiblər. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. Kümçülər də yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından istifadə ediblər. Artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 20 tondan artıq barama istehsalı proqnozlaşdırılır.

Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Tərtər rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4610 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə isə 18 min 322 kiloqram barama istehsal edilib.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər