Bərdə kümçüləri bu günədək 22 ton 800 kiloqram barama tədarük ediblər

Bərdə rayonunun kümçüləri bu il 1000 qutu (19 min qram) ipəkqurdu toxumu bəsləyiblər. Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən bərdəli kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon üzrə 40 tondan çox barama tədarük ediləcəyi gözlənilir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, barama tədarükü davam edir. Artıq kümçülərin yetişdirdikləri 22 ton 800 kiloqram məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Qeyd edək ki, Bərdə rayonunun xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton, 2017-ci ildə 12,5 ton, 2018-ci ildə 24,5 ton, 2019-cu ildə isə 36,6 ton barama istehsal olunub.

AZƏRTAC

Yeni Xəbərlər