Qaxda yaş barama tədarükünə başlanılıb

Qax rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk iki günündə Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 450 kiloqram yaş barama təhvil verilib. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.

Stansiyanın direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, builki mövsümdə Qax rayonunda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir.

Qındırğa kənd sakini Firuz Orucov indiyədək qəbul məntəqəsinə 146 kiloqram yaş barama təhvil verib. Kümçü cari mövsümdə 40 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Almalı kəndindən Rəvan Əhmədov ilk günlər məntəqəyə 110 kiloqram, Zəyəm kəndindən Pənah Balıyev isə 75 kiloqram yaş barama təhvil veriblər.

Qeyd edək ki, bu il Qax rayonunda yaş barama istehsalının 34,4 tona çatdırılması proqnozlaşdırılır.

AZƏRTAC

Yeni Xəbərlər