Zaqatalalı kümçülər indiyədək qəbul məntəqəsinə 8 tondan çox yaş barama təhvil veriblər

Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükü mütəşəkkil davam etdirilir. Kümçülər indiyədək rayondakı qəbul məntəqəsinə 8 tondan çox yaş barama təhvil veriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 5 ton artırılaraq, 58 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 420 kümçü ilə müqavilə bağlanılıb, onlara 1450 qutu ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılan ipəkqurduları rayonun özündə inkubasiya olunub.

Qəbul məntəqəsindən verilən məlumata görə, gün ərzində bura istehsalçılar tərəfindən 3-4 ton yaş barama gətirilir. Zəyəm kəndindən Zeynəb Məmmədova hələlik qəbul məntəqəsinə rayon üzrə hamıdan çox – 440 kiloqram yaş barama təhvil verib. Sumaylı kəndindən Aqşin Məmmədov bu günədək məntəqəyə 230 kiloqram, Suvagil kəndindən Adil Qonçayev 160 kiloqram, Faldarlı kəndindən Zəfər Xəlilov isə 150 kiloqram yaş barama gətirib.

Barama tədarükü prosesi “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, istehsalçılar ipəkqurdunun yemlənməsi işinə məsuliyyətlə yanaşıblar. Bunun nəticəsidir ki, kümçülərdən tədarük edilən yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər