Zərdab rayonunda yaş barama tədarükünə başlanılıb və ilk iki gündə kümçülər tərəfindən barama qəbulu məntəqəsinə 1 tondan çox məhsul təhvil verilib. Rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Namiz Rüstəmov bu barədə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq burada ənənəvi sahədir və təsərrüfatın qısa vaxtda yaxşı gəlir gətirən bu sahəsi ilə məşğul olanların sayı ildən-ilə artır. Təsadüfü deyildir ki, 2016-cı ildə cəmi 5710 kiloqram yaş barama tədarük olunan Zərdabda hazırkı mövsümdə 70 tondan çox məhsul gözlənilir. Artıq son illər respublikamızda ən çox barama istehsal olunan Zərdabda cari ildə də bol məhsul yetişdirilib. İlk günlərin göstəriciləri də bunu deməyə əsas verir. Təcrübəli kümçülər olan Vəlbənd kəndindən Əhməd İbrahimov 186 kiloqram, Nəzəralılıdan Surxay Xəlilov 125 kiloqram, habelə Bıçaqçı kəndindən təqaüdçü müəllim Şükür Züynalov 99 kiloqram, Körpükənddən II qrup Qarabağ müharıbəsi əlili Kərim Bəkirov 76 kiloqram və sair “Azəripək” MMC-nin nümayəndələrinə yaş barama təhvil veriblər. Namiz Rüstəmov onu da bildirib ki, bu mövsümdə Zərdabda 683 nəfər kümçüyə 1700 qutu ipəkqurdu toxumu paylanıb və hər yerdə bol məhsul yetişdirilməsinə nail olunub.