Ağcabədidə barama tədarükünə başlanılıb

Ağcabədi rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri məhsul rayonda “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaravəlli kəndindən olan kümçü Talıb Quliyev 23,3 kiloqram barama təhvil verərək, bu mövsümdə tədarükə başlayan ilk kümçü olub. Bu münasibətlə kümçüyə gül buketi və hədiyyə təqdim olunub. Daha sonra Kəbirli kəndindən Mürvət Orucov 59,7 kiloqram, Ağcabədi şəhərindən Bakir Mehtiyev isə 9,1 kiloqram barama təhvil veriblər. Kümçülər ötən illərdə orta hesabla hər qutudan 50 kiloqram barama tədarük olunduğunu qeyd edərək, bu il hər qutudan 60 kiloqram məhsul gözlədiklərini bildiriblər.

Qeyd edək ki, Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Son illər bölgədə baramaçılığın daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildən bərpa edilib. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.

Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon kümçülərinə bu mövsüm 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu paylanıb. Bu il rayonda 60 tona yaxın barama istehsalı proqnozlaşdırılır.

AZƏRTAC

Yeni Xəbərlər