Saatlıda çiyid səpini başa çatıb. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 41 min 813 ton xam pambıq istehsal edən saatlının “ağ qızıl” ustaları cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün var qüvvə ilə çalışırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Saatlıda 14 min 110 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min 980 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpinə mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə nəzərdə tutulduğundan 10 hektar çox sahəyə çiyid səpiblər. Səpin aparılan sahələrin 5 min 60 hektarı “MKT” MMC-yə, 3 min 300 hektarı “Azərpambıq” MMC-yə, 4 min 500 hektarı “Aqro AZ” MMC-yə, 1250 hektarı isə “P-Aqro”-ya məxsusdur.
Rayonun Qaranuru, Dədə Qorqud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu ildə pambıq səpinində fərqləniblər. Onlar min hektardan çox sahədə pambıq əkərək, səpini rayonda birinci başa çatdırıblar.
Qeyd edək ki, bu il Saatlıda 45 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.