Sabirabadda 9 min hektardan çox sahədə pambıq əkilib

Sabirabadda çiyid səpini başa çatıb. Ötən il 25 min 210 ton xam pambıq istehsal edən Sabirabadın “ağ qızıl” ustaları cari ildə də yüksək əhval- ruhiyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Sabirabadda 9 min 389 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2 min 517 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpinə mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə 9 min 344 hektar sahəyə çiyid səpiblər ki, bu da nəzərdə tutulduğundan 115 hektar çoxdur. İlkin səpin aparılmış 5 min 537 hektar sahədə normal bitiş alınıb. Səpin aparılan sahələrin 3 min 47 hektarı “MKT” MMC-yə, 3 min 357 hektarı “AZƏR PAMBIQ” MMC-yə, 710 hektarı “Aqro AZ” MMC-yə, 2 min 230 hektarı isə “P-Aqro”ya məxsusdur.

Rayonun Moranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə fəaliyyət göstərən fermerlər ötən il olduğu kimi, bu ildə pambıq səpinində fərqləniblər. Onlar iki min hektardan çox sahədə pambıq əkərək səpini rayonda birinci başa çatdırıblar.

Qeyd edək ki, bu il Sabirabadda 30 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.

AZƏRTAC

Yeni Xəbərlər