Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda çiyid səpini davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 2953,33 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bu günədək 2859 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətdə başa çatdırılacağı planlaşdırılır. Artıq sahələrin 1380 hektarında bitiş alınıb və becərmə işlərinə başlanılıb.
Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasınsa birinci yerdə dayanıblar.