Biləsuvarda indiyədək 6 min hektardan çox sahədə çiyid əkilib

Biləsuvarda çiyid səpini davam edir. Ötən il 30 min 249 ton xam pambıq istehsal edən biləsuvarlı pambıqçılar cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm rayonda 9 min 839 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. Bunun üçün 2613 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. İstehsal müəssisələri və “Aqrolizinq” ASC tərəfindən göstərilən dəstəkdən bəhrələnən pambıqçılar qısa müddətdə 6 min 923,3 hektar sahədə səpin aparıblar. Səpin aparılan sahələrin 3 min 82,8 hektarını “MKT” MMC -yə, 1373 hektarı “Azərpambıq” MMC-yə, 1967,5 hektarı “P-Aqro”-ya, 500 hektarı isə Təcrübə-Sınaq Məntəqəsinə məxsusdur.

Qabaqcıl pambıqçı Fazil Musayev rayonda çiyid səpinini birinci başa çatdıranlardandır. O, uzun illərdir ki, pambıq əkini ilə məşğul olur və həmişə də yüksək nəticə əldə edir. “Ötən il becərdiyim pambıq sahəsinin hər hektarından 40 sentner məhsul götürməklə 200 ton pambıq tədarük etdim. Bu il isə 20 hektar sahədə pambıq əkmişəm və yaxşı cücərti var. Artıq bitkinin suvarılması ilə məşğulam”, - deyə pambıqçı bildirib.

AZƏRTAC

Yeni Xəbərlər