Saatlıda çiyid səpini davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 41 min 813 ton xam pambıq istehsal edən Saatlının “ağ qızıl” ustaları cari ildə də yüksək əhval-ruhiyə ilə çalışırlar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu mövsüm Saatlıda 13 min 783 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulub. 2 min 950 torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, şum, arat, malalama işləri vaxtında həyata keçirilib, sahələrə üzvi gübrələr verilib, səpin üçün yüksək reproduksiyalı toxum tədarük olunub. Səpinə mütəşəkkil başlayan mülkiyyətçilər qısa müddətdə 10 min 749,5 hektar sahəyə çiyid səpiblər. Səpin aparılan sahələrin 3 min 701,8 hektarı “MKT” MMC-yə, 2 min 776 hektarı, “Azərpambıq” MMC-yə, 3 min 385 hektarı “Aqro AZ” MMC-yə, 886,7 hektarı isə “P-Aqro”a məxsusdur.
İlkin səpin aparılmış 2 min 818 hektar sahədə normal bitiş alınıb.
Qeyd edək ki, bu il Saatlıda 45 min tondan çox pambıq istehsalı nəzərdə tutulub.