Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermer və torpaq mülkiyyətçiləri bir neçə gündür ki, çiyid səpininə başlayıblar. Ağdam pambıqçıları qısa vaxtda 1000 hektarda səpin həyata keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 2600 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Rayonda fəaliyyət göstərən MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Rayonda pambıq səpininə ilkin başlayan fermerlərdən biri Əhmədağalı kənd sakini Elşad Şəmmədovdur. Əvvəlki illərdə hektarın məhsuldarlığına görə yüksək nəticələr əldə edən fermer bu ili də uğurla başa vurmaq əzmindədir. "Dövlət tərəfindən pambıqçılığa göstərilən qayğıdan ruhlanaraq bir neçə ildir ki, pambıq becərirəm. Ötən il 14 hektar sahədə pambıq becərib yüksək məhsuldarlığa nail oldum. Hər hektardan orta hesabla 54 sentner məhsul topladıq. Bu il yenə 14 hektarda səpin aparmışıq. Aqrotexniki tədbirləri ardıcıl və düzgün həyata keçirərək, məhsuldarlığı daha da yüksəltməyə çalışacağam”, - deyə fermer bildirib.