Ağcabədidə çiyid səpini davam edir - qısa vaxtda 700 hektara yaxın sahədə səpin aparılıb

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini davam edir. Sahələri hazır vəziyyətə gətirən ağcabədili pambıqçılar qısa vaxtda 695 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.

Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətdə başa çatdırılacağı planlaşdırılır. Səpin işlərinin gedişi ilə tanış olan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov fermerlərə tövsiyələrini verib.

Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər