2019-cu ildə Oğuz rayonunda yaş barama istehsalı əvvəlki illə müqayisədə 3,7 ton artaraq 8 ton 892 kiloqrama çatıb. Ötən il rayon üzrə 120 nəfər barama istehsalçısına “Azəripək” MMC-yə təhvil verdikləri yaş barama məhsuluna görə 43 min 881,6 manat subsidiya ödənilib. Builki mövsümdə rayonda yaş barama istehsalının artırılaraq 9 tona çatdırılması proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Oğuz rayonunda intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 135 mindən çox tut tingi əkilib. Bunun 83,5 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş, 51,5 min ədədi isə yerli tut tingləridir.