Sabirabadda ilk dəfə olaraq qoşa cərgəli pambıq əkini həyata keçiriləcək. Artıq bunun üçün təsərrüfat sahibi tərəfindən xüsusi aqreqat da hazırlanıb.
AZƏRTAC xəbər verir ki, sabirabadlı fermer bu il pambıq əkinini xüsusi aqreqatla həyata keçirməyi planlaşdırır. Təsərrüfat sahibi Əfras Əsgərovun sözlərinə görə, məqsəd yüksək məhsul əldə etməkdir. Fermer ötən il Çin texnologiyası ilə əkilən sahədə olduqdan sonra belə qənaətə gəlib ki, bu təcrübədən yararlansın. Bu məqsədlə səpin aqreqatında dəyişiklik etməyi qərara alan fermer bir neçə əlavə etməklə Çin texnologiyası ilə səpin aparacaq aqreqat ərsəyə gətirib. Bu aqreqat digərlərindən fərqli olaraq səpini qoşa cərgə ilə aparır.
“Aqreqatın səpin borusu ikiyə çatdırılıb, həmçinin toxum örtən təkərlərin də ölçüsü dəyişdirilərək sayı artırılıb. Əvvəlki əkindən fərqli olaraq hektar payına düşən pambıq kolunun sayı iki dəfə çox olacaq. Görülən iş sayəsində isə məhsuldarlıq artacaq. Həmçinin aqreqatı nizamlamaq mümkün olduğu üçün cərgəarası və toxumarası məsafələri də dəyişmək mümkündür. Bundan başqa, aqreqatla səpin zamanı istər lifli, istərsə də lifsiz toxum əkmək mümkündür”, - deyə o bildirib.
Təsərrüfat sahibi bu üsulla 200 hektara yaxın sahədə pambıq əkməyi planlaşdırır.
Qeyd edək ki, ötən mövsüm Ucarda Çin texnologiyası ilə pambıq əkini həyata keçirilib və yüksək məhsuldarlıq əldə olunub.
Tədqiqatlara görə, düzgün qulluq edilərsə, bu texnologiya ilə əkilən hər hektarda məhsuldarlıq 90 sentnerdən, hər qozadan lif çıxımı isə 40 faizdən yüksək olur.