2019-cu ildə Zaqatala rayonunda yaş barama istehsalı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 53 tona çatıb. Ötən il rayon üzrə 275 nəfər barama istehsalçısına “Azəripək” MMC-yə təhvil verdikləri 52 ton 297,5 kiloqram yaş baramaya görə hər kiloqramına 5 manat hesabı ilə 261 min 487,5 manat subsidiya verilib. Builki mövsümdə rayonda yaş barama istehsalının artırılaraq 55 tona çatdırılması proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Zaqatala rayonunda intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 557 min ədəd tut tingi əkilib. Bunun 333 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 224 min ədədi isə yerli tut tingləridir.
Hazırda rayonda yaş baramanın qurudulması üçün yığım məntəqəsinin tikintisi davam etdirilir.