Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbir keçirilib.

Korporasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, tədbir iştirakçıları Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə bildirib ki, Azərbaycan xalqının müasir qəhrəmanlıq tarixinə ən şərəfli, hüznlü gün kimi daxil olmuş Qanlı Yanvar hadisəsi zamanı müstəqilliyini yenidən bərpa etmək əzmi xalqımızı keçmiş sovet hərb maşınına qarşı ayağa qaldırdı və xalq həm öz qəhrəmanlarını, həm də keçmiş SSRİ-yə başçılıq edən cinayətkarları tanıdı. Baş direktor qeyd edib ki, həmin gün bir daha sübut olundu ki, Azərbaycan xalqının övladları öz azadlığı, Vətənin ərazi bütövlüyü uğrunda həyatını qurban verməyə, şəhidlik zirvəsinə ucalmağa qadirdir və buna hazırdır.

Bakıdakı Qanlı Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyevin keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsini, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmasını vurğulayan baş direktor onu da əlavə edib ki, Ulu Öndərin hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə bu cür cəsarətli bəyanatla çıxış etməsi siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlərin atmasına ən bariz sübutdur.

Kamran Nəbizadə 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdığını və məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

Tədbirdə çıxış edən millət vəkili, professor Fəzail İbrahimli 20 Yanvar hadisəsinin xalqımızın şərəf, ləyaqət və eyni zamanda faciə tarixi olduğunu bildirib. Millət vəkili qeyd edib ki, 20 Yanvar hadisələri Dağlıq Qarabağ məsələsi üzərində yaranıb, eyni zamanda bütün bu qanlı hadisələrdə 200 ildən artıq müddətdə xristian ağuşuna sığınan ermənilərin rolu böyük olub və keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqını susdurmaq, milli azadlıq mübarizəsini qırmaq üçün fürsət gözləyib. Professor Fəzail İbrahimli onu da əlavə edib ki, bəzi hadisələrin baş verməsinə Kreml Bakıya qoşun yeritmək məqsədilə özü şərait yaradıb və beləliklə, 1990-cı il yanvarın 19-da Azərbaycana, Bakıya hücum edilib.

Öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş bu qanlı cinayətin xalqımızın azadlıq mübarizəsini qıra bilmədiyini qeyd edən millət vəkili, 20 Yanvar hadisəsinin şərəf və ləyaqət tarixi olmasını vurğulayıb. Professor çıxışında bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti mövcuddur və azadlığımız uğrunda mübarizə öz məntiqi nəticəsinə çatıb, xalqımız öz dövlətinin müstəqilliyini yenidən bərpa edib və bu gün müstəqil dövlətimizlə hər bir vətəndaşımız qürur duyur.

Tədbirin sonunda Qanlı Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

Trend

Fotolent

Yeni Xəbərlər