“Azərtütün ASK” MMC-nin Qax rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi ötənilki mövsümdə istehsalçılardan 3 min 514 ton yaş tütün kütləsi qəbul edib. Yaşıl kütlə emal məntəqəsindəki xüsusi kameralarda qurudulduqdan sonra ondan 582 ton quru tütün əldə olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Polad Mirzəxanov məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, “Azərtütün ASK” MMC tərəfindən ötən təsərrüfat ilində Qax rayonunda 405,6 hektar sahədə “Virciniya botaniki” növlü tütün yetişdirilib.
Qorağan kəndindən fermer Simran Əhmədov ötənilki mövsümdə emal məntəqəsinə rayon üzrə hamıdan çox – 120,4 ton yaş tütün təhvil verib. Marsan kəndindən Fuad Həşimov ötən il məntəqəyə 99 ton, Şotavar kəndindən Telman Şahmalıyev isə 87 ton yaş tütün gətirib.
Məntəqə müdiri deyib ki, “Azərtütün ASK” MMC tərəfindən ötən təsərrüfat ilində yaş tütünün tədarük qiymətinin artırılaraq 1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27 AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18 AZN-ə çatdırılması qaxlı fermerlər tərəfindən də razılıqla qarşılanıb.
Mövsüm ərzində emal məntəqəsində 20 nəfər daimi olmaqla, 125 işçi çalışıb.
Qeyd edək ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərtütün ASK” MMC tərəfindən ötən il Avropa İttifaqına üzv ölkələrdən olan Polşaya ilk dəfə quru tütün ixracına başlanılıb. Dekabrın 5-də Qax rayonunda fəaliyyət göstərən Cəmiyyətin tütün istehsalı və emalı məntəqəsindən Polşaya iritonnajlı yük avtomobili ilə ilkin olaraq nümunə üçün 17 ton “Virciniya botaniki” növlü quru tütün yarpağı yola salınıb. Ümumiyyətlə, bu ölkə ilə 400 tonadək quru tütünün alınması ilə bağlı danışıqlar aparılır.