“Azərbaycan Sənaye Korporasiyasi” ASC ilə Özbəkistanın “Uzbekipaksanoat” Assosiasiyası arasında memorandum imzalanıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, memorandumun nəticəsi olaraq “Uzbekipaksanoat” Assosiasiyasının sədri Baxram Şaripovun rəhbərliyi ilə mütəxəssislərdən ibarət nümayəndə heyəti “Azəripək” MMC-dəki mövcud vəziyyətlə tanış olmaq üçün Şəki rayonuna səfər edib. Qonaqlar “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə birgə müəssisədə fəaliyyət göstərən istehsal sahələri, işçi heyəti ilə yaxından tanış olublar. Tərəflər gələcək əməkdaşlıqlar üçün birgə tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr apararaq müvafiq təkliflər təqdim ediblər.
Səfərin əsas məqsədini rəqabətədavamlı digər təbii ipək məhsullarının istehsalının və satışının təkmilləşdirilməsi üzrə əməkdaşlıq, quru baramadan digər yan məhsulların əldə edilməsi, “Azəripək” MMC-də istehsal prosesinin təkmilləşdirilməsi və məhsulun maya dəyərinin aşağı salınması və keyfiyyətin yüksəldilməsi, həmçinin ipəkçilik sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübə mübadiləsi təşkil edib.
Qeyd edək ki, “Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, “Azəripək” MMC tərəfindən bir sıra tədbirlər həyata keçirilir. İstehsal potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi ilə dünya bazarlarında rəqabətədavamlı daha keyfiyyətli xam ipəyin istehsal edilməsi, habelə yerli ipəkçilik məhsullarının satış həcminin artırılması qarşıya qoyulmuş vəzifələrdəndir.