Beyləqanın pambıq sahələrindən bu günədək 28 min 389 ton məhsul toplanıb

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda indiyədək tarlalardan 28 min 389,82 ton “ağ qızıl” toplanıb. Hər hektarın məhsuldarlığı 29,2 sentner təşkil edir. Bu göstəricilərlə Beyləqan respublikanın pambıqçılıq rayonları arasında qabaqcıllar sırasındadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Beyləqan rayonunda 9706,1 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 5268,1 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq” MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” MMC ilə müqavilə əsasında becərilib. Əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunduğundan tarlalarda bol məhsul yetişib.

Beyləqanlı "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Məhsul yığımına 37 pambıqyığan kombayn cəlb edilib. Beyləqan pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq, 2019-cu təsərrüfat ilini uğurla başa vurmaq üçün səylə çalışırlar.

AZƏRTAC

Yeni Xəbərlər