Ağcabədinin pambıq sahələrindən bu günədək 30 min ton məhsul tədarük olunub

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı davam edir və indiyədək tarlalardan 30 min ton “ağ qızıl” toplanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 5152,25 hektarı "MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunduğundan tarlalarda bol məhsul yetişib.

Ağcabədili "ağ qızıl” ustaları gərgin zəhmət hesabına yetişdirilmiş məhsulun toplanışını nümunəvi təşkil edirlər. Pambıq yığımına 40-dan çox pambıqyığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Ağcabədi pambıqçıları havaların əlverişli keçməsindən istifadə edərək yetişdirdikləri məhsulu son qozasına qədər toplamaq, 2019-cu təsərrüfat ilini də uğurla başa vurmaq üçün səylə çalışırlar.

Qeyd edək ki, ötən il ağcabədili "ağ qızıl" ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıl sıralarda olub.

AZƏRTAC

Yeni Xəbərlər