Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımı davam edir və indiyədək tarlalardan 3568,24 ton “ağ qızıl” toplanıb.
AZƏRTAC xəbər verir ki, bu il rayon ərazisində 2600 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Ağdam pambıqçıları mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün səylə çalışırlar. Pambıq yığımına 9 ədəd pambıqyığan kombayn, 25 ədəd traktor, 54 ədəd qoşqu cəlb edilib. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır.
Bu il rayon üzrə 6 min tondan çox məhsul istehsal edilməsi proqnozlaşdırılır.