Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımı davam edir və indiyədək tarlalardan 9709 ton “ağ qızıl” toplanıb.
Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 5152,25 hektarı "MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro”MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.
Bu gün Ağcabədidə bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 40-dan çox pambıqyığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Ağcabədili “ağ qızıl” ustaları 2019-cu təsərrüfat ilini də uğurla başa vurmağı hədəfləyiblər.
Ötən il ağcabədili "ağ qızıl" ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda olub.