“Azərtütün ASK” MMC-nin Zaqatala tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 1470 ton yaşıl tütün qəbul edib

“Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə Zaqatala rayonunda 410,2 hektar sahədə “Virciniya” növlü tütün əkilib. Hazırda təsərrüfatlarda tütün yığımı sürətlə davam etdirilir. Cəmiyyətin rayonun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək istehsalçılardan 1470 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu emal məntəqəsində 170 ton quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Mohuma Hüşənov məlumat verib.

Onun sözlərinə görə, hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 35-40 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün daha sonra preslənərək anbara yığılır.

Yengiyan kəndindən fermer Telman Həsrətov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 118 ton yaşıl tütün təhvil verib. Muxax kəndindən Elvin Yusifov emal məntəqəsinə 71 ton, Aşağı Tala kənd sakini Namiq Şabanov isə 66 ton yaşıl tütün gətirib.

Məntəqə müdiri deyib ki, “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaş tütünün tədarük qiymətinin artırılaraq 1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27 AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18 AZN-ə çatdırılması zaqatalalı fermerlər tərəfindən də razılıqla qarşılanıb.

Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar. Qımır kəndindən fermer Hamlet Mustafayev bu il 9 hektarda “Virciniya” növ tütün əkib. O, indiyədək məntəqəyə 47 ton yaşıl tütün təhvil verib. Fermerin sözlərinə görə, ötənilki mövsümdə 125 ton yaşıl tütün istehsal edib, yaxşı da gəlir götürüb.

Gözbarax kəndindən olan fermer Fazil Əhmədov da dörd ildir ki, tütünçülüklə məşğul olur. O, ötən il 114 ton yaşıl tütün istehsal edib. Tütünçülüyün yüksək gəlirli sahə olduğunu nəzərə alaraq, fermer bu il 8,5 hektarda tütün yetişdirib. Gözbaraxlı fermer indiyədək məntəqəyə qurutmaq üçün 48 ton yaşıl tütün təhvil verib.

Rayonda tütün yığımı davam edir.

AZƏRTAC

Yeni Xəbərlər