Ağcabədi pambıqçıları 26 min tonluq məhsul istehsal etməyi hədəfləyiblər

Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır.

AZƏRTAC xəbər verir ki, Ağcabədi rayonunda bu il 10 min 452,25 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambiq əkinlərinin 5152,25 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1300 hektarı “P-Aqro” MMC, 4000 hektarı isə “Azərpambıq” MMC ilə müqavilə əsasında becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib. Pambığın maşınla yığılması üçün defolyasiya işləri aparılıb.

Bir neçə gündür ki, Ağcabədi pambıqçıları məhsul yığımına başlayıblar. Bütün qüvvələr mühüm strateji məhsul olan pambığın tez və itkisiz yığılmasına səfərbər edilib. Pambıq yığımına 40-dan çox pambıqyığan kombayn, həmçinin kifayət qədər traktor və qoşqu cəlb olunub. Bu günədək tarlalardan 803,22 ton məhsul yığılıb. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmağı, 26 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.

Qeyd edək ki, ötən il Ağcabədinin “ağ qızıl” ustaları 10 min hektarda pambıq becərib, 23 min 305 ton məhsul istehsal ediblər. Ağcabədi rayonu həm pambığın tonuna, həm də hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında qabaqcıl sıralarda olub.

AZƏRTAC

Yeni Xəbərlər