“Azərtütün ASK” MMC-nin Şəki rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək fermer təsərrüfatlarından 1904 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək məntəqədə 238 ton quru tütün istehsal edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Vüqar Məmmədov məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, hər gün məntəqəyə orta hesabla 50-60 ton yaşıl tütün kütləsi daxil olur. Tələbatı nəzərə alaraq, bu il məntəqənin ərazisində əlavə olaraq 30 tütünqurutma kamerası quraşdırılıb. Hazırda məntəqədə olan 86 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Baş Göynük kənd sakini Kazım Abdullayev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 153 ton yaşıl tütün təhvil verib. Cumakənd sakini Əbülfət Səfərov bu günədək emal məntəqəsinə 141 ton, Baş Göynük kəndindən Abid Səfərəliyev isə 73 ton yaşıl tütün kütləsi gətiriblər.
Məntəqə müdirinin sözlərinə görə, “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaş tütünün tədarük qiymətinin artırılaraq 1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27 AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18 AZN-ə çatdırılması şəkili fermerlər tərəfindən də razılıqla qarşılanıb.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonun təsərrüfatlarında 1061 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 721 hektar sahədə “Virciniya”, 19 hektarda “Berley” növlü ətirli, 321 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər.
Ötənilki mövsüm rayonun tütünçüləri üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 346 ton artıb.