Qaxlı fermer: Yaşıl tütünün alış qiymətinin artırılması tütün əkininə marağı da artıracaq

Qaxın tütün qəbulu məntəqəsinə hər gün fermerlərdən 50 tonadək yaşıl tütün kütləsi daxil olur

Tütünçülük Qax rayonunun iqtisadiyyatında aparıcı yerlərdən birini tutur. Hələ sovet dövründə tütünçülük rayonun kənd əhalisinin əsas məşğuliyyət sahələrindən biri hesab olunurdu. Bu sahəyə maraq bir müddət azalsa da, Prezident İlham Əliyevin regionlarda kənd təsərrüfatının ənənəvi sahələrinin dirçəldilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrinin nəticəsi olaraq son dövrlər digər rayonlar kimi, Qaxda da tütünçülüyə maraq xeyli artıb. Hazırda rayonda yüzlərlə ailə tütünçülüklə məşğul olur, bu sahədən gəlir götürür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə Qax rayonunun fermerləri 461,6 hektar sahədə “Virciniya”, 15 hektarda “Berley” növlü və 17 hektarda yerli tütün sortları yetişdiriblər. Tütün istehsalı ilə əlaqədar 70-dək fermerlə müqavilə bağlanılıb. Tütün əkini və becərilməsi işlərinə 800-dən çox mövsümi işçi cəlb olunub.

Hazırda rayonun təsərrüfatlarında tütün yığımının qızğın çağıdır. Yığılan yaşıl tütün qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir.

AZƏRTAC-ın bölgə müxbiri emal məntəqəsində olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb, fermerlərlə söhbət edib.

Emal məntəqəsinin müdiri Polad Mirzəxanovun verdiyi məlumata görə, cari mövsümdə “Azərtütün ASK” MMC tərəfindən Qax rayonunun ərazisində 406,5 hektar sahədə “Virciniya” və 15 hektarda “Berley” növlü tütün əkilib. Emal məntəqəsi mövsümün əvvəlindən bu günədək fermerlərdən 1149 ton yaşıl tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 104,3 ton quru tütün istehsal olunub.

Son günlər tütün yığımının sürəti daha da artıb. Hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 35-50 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 60 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir.

Polad Mirzəxanov bildirib ki, fermer Namiq Fərhadov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 39 ton yaşıl tütün təhvil verib. Qaxingiloy kənd sakini Elşən İbrahimov bu günədək məntəqəyə 34 ton, Qaşqaçay kəndindən Sülhanə Abdullayeva 25 ton, Qaxbaş kəndindən Emil Qədirov isə 22,5 ton yaşıl tütün gətiriblər.

Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını vurğulayıblar. Qorağan kəndindən olan gənc fermer Eşqin Hacıbəyov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 10 ildən çoxdur tütünçülüklə məşğuldur. Bu il 6 hektar sahədə “Virciniya” növlü tütün əkib. İndiyədək məntəqəyə 12 ton yaşıl tütün kütləsi təhvil verib. Bu il tütün sahələrindən 90 tonadək məhsul götürməyi qarşısına məqsəd qoyub.

Eşqin Hacıbəyov qeyd edib ki, “Azərtütün ASK” MMC tərəfindən cari ildə yaş tütünün tədarük qiymətinin artırılaraq 1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27 AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18 AZN-ə çatdırılması fermerlərin ürəyincədir: “Tütünün alış qiymətindəki artım hamımızı sevindirib. İndi təhvil verdiyimiz hər ton yaşıl tütün üçün əlavə olaraq, 10-20 manat vəsait əldə edəcəyik. Bu isə, öz növbəsində, yanacaq və digər xərclərimizin ödənilməsinə öz təsirini göstərəcək. Nəzərə alsaq ki, tütünçülər mövsüm ərzində on tonlarla yaşıl tütün istehsal edirlər, bu artımın onların gəlirlərinə təsiri birbaşa hiss olunacaq. Tədarük qiymətinin artırılması, şübhəsiz ki, tütünçülüyə marağı da artıracaq. Biz, tütün istehsalçıları dövlətin bu sahəyə dəstəyini yüksək qiymətləndiririk. Arzu edirik ki, yaşıl tütünün tədarük qiymətləri növbəti illərdə də tədricən artırılsın”.

Gənc fermer bildirib ki, atasına məxsus təsərrüfat da daxil olmaqla, ötən il emal məntəqəsinə 120 ton yaşıl tütün təhvil veriblər. Xərcləri çıxdıqdan sonra ailənin tütünçülükdən ümumi gəliri 15 min manatdan çox olub. Fermer bu il əkdiyi hər hektar tütün sahəsinə görə dövlətdən 1700 manat güzəştli kredit də alıb.

Rayonda tütün yığımı davam edir.

AZƏRTAC

Yeni Xəbərlər