Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin verdiyi tapşırıq və göstərişlər, qəbul etdiyi mühüm qərarlar sayəsində ölkəmizdə aqrar sahənin sürətli inkişafı üçün qısa müddətdə çox böyük işlər görülüb.
İyulun 31-də Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı cari ilin əvvəlində qarşıya qoyulan vəzifələrin uğurla icra olunduğunu, ölkəmizin inamla inkişaf etdiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu vurğulayaraq deyib: “Kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artmışdır, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artmışdır. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ənənəvi sahələrdən olan tütünçülüyün, baramaçılığın, fındıqçılığın, həmçinin qarğıdalı istehsalının inkişaf etdirilməsi Balakən rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdəndir. Qarğıdalı istehsalı rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti Balakən rayonunun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərin həmin sahəyə marağı xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada liderliyini qoruyub saxlayır.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari ildə rayonda qarğıdalının əkin sahəsi 173 hektar genişləndirilərək 7 min 213 hektara çatdırılıb. Əlverişli keçən hava şəraiti bu il də rayonda qarğıdalı istehsalının bol olacağından xəbər verir. Cari mövsümdə balakənli fermerlər 44 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda sahələrə aqrotexniki qulluq işləri davam etdirilir.
Rayonun Talalar kəndindən olan fermer Nüsrət Əsgərov uzun illərdir ki, qarğıdalıçılıqla məşğul olur. Fermer bu il təsərrüfatında 80 hektar sahədə qarğıdalı əkib. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən yardımlardan yetərincə bəhrələnən fermer əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərib, nəticədə təsərrüfatında bol məhsul yetişib.
Təsərrüfat rəhbəri AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il qarğıdalı sahəsindən 350 tonadək məhsul gözləyir. Fermer ötən il də 80 hektar sahədə qarğıdalı əkmiş, hər hektardan 45-50 sentner məhsul götürmüşdü.
Nüsrət Əsgərov bildirib ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi kənd adamlarını yenidən torpağa bağlayıb. Bu qayğının nəticəsidir ki, son illər rayonun kəndlərində ənənəvi sahələrə maraq göstərənlərin sayı xeyli artıb. Nüsrət özü üç ildir ki, tütün əkininə də maraq göstərir. O, bu il 3 hektar sahədə “Virciniya” növlü tütün yetişdirib. Balakənli fermer indiyədək emal məntəqəsinə 10 ton yaşıl tütün kütləsi təhvil verib.
Fermerin sözlərinə görə, ötən il rayonun Hənifə kəndində “Azərtütün” MMC-nin tütün istehsalı və emalı məntəqəsinin fəaliyyətə başlaması onların işini xeyli asanlaşdırıb. Artıq balakənli fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzun məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalmır, tütünü öz məntəqələrinə təhvil verirlər. Bu isə, öz növbəsində, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur.