İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda mövcud iqtisadi potensialdan səmərəli istifadə olunması, ixracyönümlü sahələrin inkişaf etdirilməsi istiqamətində tədbirlər 2019-cu ilin birinci yarısında da davam etdirilib. Belə ki, builki mövsümdə balakənli kümçülər 44,1 ton yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Proqnoz tapşırığa 102,6 faiz əməl olunub. Yaş barama istehsalı ötən illə müqayisədə 14 tondan çox artıb. Rayon üzrə 311 nəfər kümçüyə 218,1 min manat subsidiyanın, həmçinin baramanın dəyərinin ödənilməsi təmin edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 2019-cu ilin altı ayının yekunları ilə bağlı avqustun 9-da Balakəndə keçirilən müşavirədə məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin hesabat məruzəsində bildirilib ki, 2019-cu ilin birinci yarısında Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 95,2 milyon manat olub. Birinci yarımillikdə kənd təsərrüfatı məhsulları istehsalı 10,2 faiz, rabitə xidmətlərinin həcmi 8,2 faiz, tikinti işlərinin həcmi 36,1 faiz, pərakəndə əmtəə dövriyyəsi isə 3,7 faiz artıb.
Bildirilib ki, cari təsərrüfat ilində balakənli fermerlər 450 hektar sahədə tütün yetişdirirlər. Artıq təsərrüfatlarda tütün tədarükünə başlanılıb. Mövsümün əvvəlindən indiyədək “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən emal məntəqəsinə 417 ton “Virciniya” növlü yaşıl tütün kütləsi, “Azəri” Korporasiyasına 35 ton “Virciniya” növlü quru tütün, “İlham” MMC-yə 3,6 ton “İmmuniy” növ tütün təhvil verilib.
Fındıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə bu ilin yaz aylarında rayon ərazisində 400 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 344 hektara çatdırılıb.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında suvarma kanallarında 126,8 min kubmetr, çaylarda 368,2 min kubmetr həcmində məcra təmizləmə, Mahamalar kəndinin sel sularından müdafiəsi üçün Balakənçayın daş-beton bəndlərində 1600 kubmetr həcmində cari və əsaslı təmir işləri aparılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə İtitala, Kortala, Püştətala, Qazma, Şambul, Xalatala, Qaysa, Meşəşambul və Şərif kəndlərində, ümumilikdə, 9 subartezian və artezian quyusu qazılıb.
Müddət ərzində Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi davam etdirilib, yolun əsası quraşdırılmaqla 6,1 kilometrlik hissəsinə iki lay asfalt-beton örtük, 10,2 kilometrlik hissəsinə isə örtüyün alt layı döşənib.
Hesabat dövründə Balakən şəhərində “ASAN xidmət” mərkəzinin inzibati binasının, Balakən paylayıcı elektrik şəbəkəsinin inzibati binasının və idarəetmə mərkəzinin tikintisi davam etdirilib, Tülü və İtitala kənd uşaq bağçalarının təmiri başa çatdırılıb.
Müşavirədə, həmçinin 2019-cu ilin birinci yarısında əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub.