Balakənli fermerlər emal məntəqəsinə 288 ton yaşıl tütün təhvil veriblər

Balakən rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Balakənli fermerlər mövsümün əvvəlindən indiyədək “Azərtütün” MMC-nin rayonun Hənifə kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə 288 ton “Virciniya” növlü yaşıl tütün təhvil veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 32,2 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

O bildirib ki, cari ildə rayonun təsərrüfatlarında 450 hektar sahədə tütün əkilib. Balakənli fermerlər bu mövsümdə 346 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü ətirli, 85 hektar sahədə isə yerli tütün sortları yetişdirirlər.

Rayonda “İmmuniy” növlü yerli tütün sortlarının yığımı da davam edir. Fermerlər indiyədək sahələrdən 550 tondan çox yaşıl tütün toplayıblar. Yerli sort tütün fermerlərin özləri tərəfindən ipə düzülərək qurudulur və daha sonra emal məntəqəsinə təhvil verilir.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.

AZƏRTAC

Yeni Xəbərlər