Sabirabadda pambıqçılıqla bağlı respublika müşavirəsi keçirilib

Altı ayda kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi təxminən 13 faiz artıb

Sabirabad rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyib. Sabirabadın kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu vurğulayan S.Cabbarov aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Kənd Təsərrüfatı naziri İ.Kərimov Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafını prioritet istiqamət kimi elan edildiyini deyib. Bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən, aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə olunur. Məhz həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, bu ilin 6 ayında isə təxminən 13 faiz artıb”.

Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən nazir pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını diqqətə çatdırıb.

Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.

İ.Kərimov, həmçinin pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Daha sonra Prezident İlham Əliyevin 2018-ci il 25 dekabr tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” Ordeni ilə təltif olunmuş İsgəndər Hüseynov, Əlizamin Nəbiyev və Fazil Vəliyevə orden və vəsiqələr təqdim olunub.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Pambıqçılığın inkişafı ilə bağlı 2019-cu təsərrüfat ilində görülmüş işlər, problemlər və qarşıda duran vəzifələr”, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev “Pambıq əkinlərində suvarmanın mövcud vəziyyəti”, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə və “Az-Agro” MMC-nin direktoru Vahid Hüseynov “Pambıqçılığın inkişafı ilə bağlı cari ildə görülmüş işlər və problemlər” mövzularında məruzə ilə çıxış ediblər.

Müşavirədə pambıqçılığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb, intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş 3 saatadək davam edib. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.

Görüşdə suvarma suyunun çatışmazlığı, mineral gübrələr, herbisidlər, dərmanlar və texnika təminatı, aqrar sahənin kreditləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fermerləri maraqlandırılan suallar nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri tərəfindən cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli üçün müvafiq qurum və struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon icra hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 100-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər