“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin təşəbbüsü ilə “Azərpambıq ASK” MMC, Kənd Təsərrüfatı Nazirliyi, Respublika Bitki Mühafizə Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyinin məsul işçiləri və Türkiyə Respublikasının zəhərli-kimyəvi preparatlar istehsal edən “Aqrobest” şirkətinin mütəxəssislərinin iştirakı ilə bölgələrdə pambığın istehsalında istifadə olunan kimyəvi preparatlarla istifadə qaydaları və həmin preparatlarla işləyən insanların təhlükəsizliyi ilə əlaqədar maarifləndirici seminar-təlimlər keçirilib.
FED.az xəbər verir ki, Biləsuvar rayonunda Salyan, Neftçala, Biləsuvar, Cəlilabad ; Saatlı rayonunda Sabirabad, İmişli, Saatlı, Beyləqan, Füzuli ; Bərdə rayonunda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy rayonunun pambıqçıları ilə görüşlər keçirilib. Təlim-seminarda Türkiyənin “Aqrobest” şirkətinin mütəxəssisləri Tarix Bilgili, Ramazan Özkaracadağ, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Fuad Məmmədov, Respublika Bitki Mühafizə Mərkəzinin direktoru Azad İbrahimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Pərviz Kərimzadə və Habil Qəhrəmanov, “Azərpambıq ASK” MMC-nin direktor müavini Fəzli Məmmədov və Baş aqronom Cəfər Ağayev iştirak ediblər.
Qeyd edilib ki, pambıqçılarla belə görüşlər vaxtaşırı keçiriləcəkdir və bu qəbildən olan maarifləndirici tədbirlərin pambıqçılıq rayonlarında mütəmadi olaraq təşkil olunması təsərrüfatlarda kimyəvi pereparatlardan düzgün istifadə edilməsinə zəmin yaradacaqdır.