Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İdmançılarımız bütün beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirlər. Bir çox Olimpiya, dünya, Avropa çempionlarımız, beynəlxalq yarışların qalibləri var. Bütün bunlar dövlət başçısının digər sahələrdə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bakıda bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olunmuş, eyni zamanda son illər bir neçə böyük stadion, idman zalı inşa edilmişdir. Buna görə də son illər mütəmadi olaraq paytaxtımızda müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, Qran-pri yarışları keçirilir.
Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır və bu şərait həm paytaxtda, həm də ölkəmizin bütün regionlarında yaradılmışdır. Uşaqlar, yeniyetmələr bu idman mərkəzlərində məşq edir, gələcəkdə çempionlarımızın davamçıları olmağa hazırlaşırlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır.
Paytaxtda fəaliyyət göstərən onlarla idman mərkəzlərindən biri Heydər Əliyev prospektində yerləşən “ASK Arena”dır. 8125 nəfər tamaşaçı tutumu olan stadion 2001-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa edilmiş və “Şəfa” adı ilə istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanına uyğun olaraq, dövlət tapşırığının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Sənaye Korporasiyasının (“ASK” ASC) balansına keçirildiyindən stadion “ASK Arena” adını daşıyır.
“ASK Arena” Bakıda keçirilmiş 17 yaşınadək qadınlar arasında Dünya Çempionatının final mərhələsinin oyunlarını qəbul etmişdir.
Hazırda “ASK Arena”da fəaliyyət göstərən futbol, boks, reqbi, karate və digər idman növləri üzrə bölmələrdə yüzlərlə istedadlı uşaq və yeniyetmə məşğul olur. Bundan əlavə, Azərbaycan Premyer Liqasında çıxış edən Bakının “Keşlə” klubu və Milli Karate Federasiyasi bu stadionda məskunlaşmışdır.
Onu da qeyd edək ki, “ASK Arena” həm də mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının “Arsenal”- “Çelsi” final oyununa dəstək verən bir sıra beynəlxalq və yerli təşkilatlar arasında yer alıb.