Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, KOBİA və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı ilə “Kiçik və orta biznesə dəstək: qeyri-neft sektorunda sənaye müəssisələrinin inkişafı” mövzusunda konfrans keçirilib.
Tədbirdə KOBİA və Azərbaycan Sənaye Korporasiyasının nümayəndələri, eləcə də korporasiyada təmsil olunan müəssisələrin rəhbərləri iştirak ediblər. Konfransda agentliyin idarə heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, hazırda kiçik və orta biznesə (KOB) dəstək məqsədilə tətbiq olunan mexanizmlər, nəzərdə tutulan layihələr, müvafiq sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verib.
Tədbirdə Azərbaycan Sənaye Korporasiyasında təmsil olunan müəssisələrin nümayəndələri onların fəaliyyətləri barədə danışıb, istehsal, satışın təşkili, ixrac, həmçinin kiçik və orta biznesə dəstək məqsədilə KOBİA və Sənaye Korporasiyası arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, müəssisələrin təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.
Konfrans çərçivəsində KOBİA və “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “Azərbaycan Sənaye Korporasiyası”ASC-nin baş direktoru Kamran Nəbizadə imzalayıb. Memoranduma əsasən, tərəflər birgə layihələrin həyata keçirilməsi, KOB-lara dəstək məqsədilə gənclərin sahibkarlığa cəlb edilməsinin təşviqi, innovativ təşəbbüslərin reallaşdırılması, KOB-ların maarifləndirilməsi, sahibkarların inkişafı üçün tələb olunan araşdırmaların aparılması və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.