“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və Korporasiyanın rəhbər heyəti 8 noyabr - Zəfər Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən oğullarının əziz xatirəsini yad etmək üçün İkinci Fəxri Xiyabanda olublar. Korporasiyanın nümayəndələri əvvəlcə Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə digər şəhidlərimizin, eləcə də 44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Ayaqqabı Fabriki” MMC-nin 01 iyul 1995-ci il təvəllüdlü əməkdaşı Heydərov Rafiq Rahim oğlunun məzarlarını ziyarət ediblər. Qəhrəman şəhidlərimizin məzarları üzərinə əklil və çiçəklər düzən mərasim iştirakçıları onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrindən 111 əməkdaş ehtiyatda olan hərbi vəzifəlilər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən səfərbərlik üzrə hərbi hissələrə yola salınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətə görə müxtəlif medallar ilə təltif olunan Vətən Müharibəsi iştirakçıları arasında “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin 34 nəfər əməkdaşı da vardır.
“Azərpambıq ASK” MMC-nin 03 yanvar 1996-cı il təvəllüdlü əməkdaşı Hüseynov Ələm Sərvər oğlu, “ASK Tütün”” MMC-nin Zaqatala TİEM-də mülki müqavilə əsasında işləyən 06 may 1996-cı il təvəllüdlü əməkdaşı Məmmədov Vidadi Etibar oğlu və “ASK Ayaqqabı Fabriki” MMC-nin 01 iyul 1995-ci il təvəllüdlü əməkdaşı Heydərov Rafiq Rahim oğlu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Ələm “Vətən uğrunda”, ”Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, Məmmədov Vidadi "Vətən uğrunda", Heydərov Rafiq “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.