“Azərbaycan Sənaye Korporasiyası” ASC insanları gözəl niyyətlər, xeyirxah əməllər naminə birliyə çağıran müqəddəs Qurban bayramı münasibəti ilə xeyriyyə aksiyası keçirib.
Aksiya iştirakçıları Nəsimi rayonu ərazisində yaşayan 100 aztəminatlı ailəyə baş çəkərək, Korporasiya tərəfindən təşkil olunmuş bayram sovqatlarını onlara təqdim ediblər.
Bəşəriyyəti əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən bu əziz bayram günlərində xeyriyyə aksiyasının keçirilməsində məqsəd aztəminatlı ailələrə maddi və mənəvi dəstək olmaq, onlara bayram sevinci bəxş etməkdir.
Bu qəbildən təşkil olunan aksiyalar sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələri qayğı ilə əhatə etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq, insanlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq baxımından böyük əhəmiyyətə malikdir.
Bayram sovqatları təqdim olunan ailələr onlara göstərilən dəstəyə görə aksiya iştirakçılarına təşəkkür ediblər.