“Azərbaycan Sənaye Korporasiyası”nın əməkdaşları vaksinasiya prosesində iştirak edib

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və törəmə müəssisələrinin 18 yaşdan yuxarı 408 əməkdaşı könüllü olaraq peyvəndlənmə prosesində iştirak edib.

ASC-dən Trend-ə verilən məlumata görə, vaksinasiya prosesi xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunaraq, əməkdaşlar üçün bütün zəruri avadanlıq və şərait, dezinfeksiyaedici məhlullarla təmin edilərək 5 saylı Şəhər Poliklinikasının peşəkar həkim briqadası tərəfindən həyata keçirilib.

Qeyd olunmalıdır ki, bundan öncə 2021-ci ilin mart-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində yaşı 65-dən yuxarı, 50-64 yaş qrupu və 40-49 yaş qrupundan olan əməkdaşların da koronavirus (COVİD-19) xəstəliyinə qarşı vaksinasiyadan keçmə prosesi uğurla başa çatmışdır.

Trend

Fotolent

Yeni Tədbir