“Azərbaycan Sənaye Korporasiyası” ASC-də beynəlxalq təcrübəyə əsaslanan maliyyə təlimləri keçirilib

“Azərbaycan Sənaye Korporasiyası” ASC fəaliyyət dövrü ərzində həm Korporasiya, həm də tabeçiliyində olan törəmə müəssisələrin idarəetmə sistemlərinin müasirləşdirilməsi, şəffaflığın artırılması, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sisteminin formalaşdırılması istiqamətində çoxsaylı institusional layihələr icra etmişdir.

Bu institusional layihələrə Korporasiya və tabeçiliyində olan törəmə müəssisələrin maliyyə-mühasibatlıq strukturlarına aid heyətin peşə bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində təlim, qiymətləndirmə və sertifikasiya proqramlarının tətbiqi daxildir .

2018-2020-ci illər ərzində Korporasiyanın əməkdaşları maliyyə hesabatlarının beynəlxalq standartları və büdcə üzrə təlimlərə qatılmış, maliyyə-mühasibatlıq heyətinin biliklərinin qiymətləndirilməsi təmin edilmişdir. Bundan əlavə işçi heyətin ayrı-ayrılıqda beynəlxalq sertifikasiya proqramlarında iştirakı təmin edilməklə sertifikasiya imtahanlarına qatılmağı dəstəklənmiş və əməkdaşların bir hissəsi beynəlxalq imtahanlardan uğurla keçərək, beynəlxalq sertifikatlarla təltif olunmuşdur.

Cari 2021-ci il və növbəti illər üçün Korporasiyanın qarşısında duran mühüm vəzifə və tələblərin icrası üçün maliyyə-mühasibatlıq heyətinin peşəkar bilik və bacarıqlarının bu vəzifə, tələblərə uyğunlaşdırılması, heyətin optimallaşdırılması, eləcə də kadr hazırlığı işlərinin təkmilləşdirilməsi istiqamətində təlim-sertifikasiya proqramı işlənmişdir. Bu proqram çərçivəsində mühasibat uçotu, vergi uçotu, idarəetmə uçotu, həmçinin maliyyə planlaşdırması və təhlillərin aparılması, maliyyə modelləşdirilməsi, korporativ maliyyə istiqamətləri üzrə təlimlərin təşkili, həmçinin maliyyə heyətinin dünya səviyyəsində tanınan beynəlxalq sertifikasiya proqramları (ACCA, CFA, CFI, CMA) imtahanlarına hazırlanması hədəflənir.

Hazırlanmış təlim və sertifikasiya proqramlarının keyfiyyətinin artırılması, işçi heyətin təlimə dair gözləntilərinin müəyyən edilməsi, təlimlərdə beynəlxalq təcrübədən irəli gələn metodikaların müəyyən olunması üçün “BakerTilly” akademiyasının peşəkar mütəxəssisələri tərəfindən mühasibat uçotu, vergi uçotu və korporativ maliyyə mövzularında demo-dərslər keçirilmişdir. Demo-dərslərdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin maliyyə strukturlarının əməkdaşları iştirak etmiş, mövzu istiqamətində geniş müzakirələr aparılmış və demo-dərsin nəticələrinə dair iştirakçıların rəyləri alınmışdır.

Fotolent

Yeni Tədbir