Beynəlxalq Tütün İstehsalçıları Assosiasiyasının (ITGA) sayca 35-ci Ümumi Yığıncağı keçirilib. Onlayn formatda keçirilən tədbirə dörd qitədən və 24 ölkədən 174 iştirakçı qatılıb.
Tədbirdə “Japan Tobacco International”, “British American Tobacco”, “Universal Leaf Tobacco Co”, “Alliance One” kimi böyük şirkətlər ilə yanaşı, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərtütün ASK” MMC-nin nümayəndələri də iştirak edib.
Onlayn tədbir qlobal tütün bazarına ümumi baxış, ənənəvi sahələr arasında sosial və ekoloji effektiv təcrübələr də daxil olmaqla, son istehsal məlumatlarının və proqnozlarının açıqlanması, eləcə də tütün bazarının təhlili kimi bir çox geniş mövzuları əhatə edib.
Tədbirdə çıxış edən ITGA-nın prezidenti Abiel Kalima Banda tütün sektorunun dayanıqlığı və tədarük zəncirinin qorunması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib.
Çıxış edənlər qlobal pandemiya və dərinləşən iqtisadi böhran vəziyyətində müasir dünyanın ən dramatik təcrübələrdən birini yaşadığını qeyd ediblər. Buna baxmayaraq, pandemiya dövründə tütün məhsulları istehlakının sabit qaldığı bildirilib. Eyni zamanda hazırki böhran və pandemiya şəraitində tütün məhsullarına tələbatın müəyyən qədər məhdudlaşdırılması halı da istisna olunmayıb.