“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC-nin təşəbbüsü ilə 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı müəssisənin ərazisində ağacəkmə aksiyası keçirilib.
“Azərbaycan Sənaye Korporasiyası” ASC-dən Trend-ə verilən məlumata görə, ulu Öndərin xatirəsinə həsr olunan bu aksiya, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ekoloji tarazlığın bərpası, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək və yaşıllıqların qorunması baxımından əhəmiyyətlidir.
Aksiyada çıxış edən “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərdən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışaraq bildirib ki, Azərbaycanın ən yeni tarixi, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Ulu Öndərin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Müəssisənin direktoru qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə doğma Vətəninin tərəqqisi uğrunda yorulmadan mübarizə aparmış dahi şəxsiyyətdir.
“Azəralüminium” MMC-nin Ümumi işlər şöbəsinin müdiri Rofət Hüseynəliyev çıxışında diqqətə çatdırıb ki, tarixdə yenilməz şəxsiyyət, nadir istedada malik dövlət xadimi və dahi siyasətçi kimi öz sözünü demiş Ulu Öndər Heydər Əliyev xalqımızın tarixinə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dövlətçiliyimizin xilaskarı kimi daxil olub. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə bəhrələnir və bəhrələnəcəkdir.
Müəsissənin İstehsalat sahələrinin birləşmiş müdirliyinin mütəxəssisi Aslan Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş Ulu Öndərin mənalı ömrünün daima Azərbaycan xalqının xoşbəxtliyinə və respublikamızın tərəqqisinə həsr olunduğunu bildirib və Heydər Əliyevin həyatının, fəaliyyətinin əsl azərbaycançılıq məktəbi olduğunu qeyd edib.
Tədbirin sonunda “Azəralüminium” MMC-nin kollektivi tərəfindən zavodun ərazisində 200 ədəd ağac əkilib.