“Azərbaycan Sənaye Korporasiyası” ASC “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgisində iştirak edib.

May ayının 15-17 tarixlərində Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi keçirilmişdir. Dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən  sərgidə “Azərbaycan Sənaye Korporasiyası” ASC də iştirak edirdi.  Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC  bu sərgidə  “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,  “Azərtütün Aqrar Sənaye Kompleksi ” MMC,  “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC  və  “ASK Şəki Şərab” zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir, onalrın fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər.  
    “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya, İtaliya, Türkiyə, Şri-Lanka, Gürcüstan, Niderland Krallığı  və  digər ölkələri təmsil edən şirkətlər də iştirak edirdi.  Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunurdu. 
    Yerli və beynəlxalq istehsalçılar, distribyutorlar və ixracatçıların unikal görüş yerinə çevrilən bu sərgi “Azərbaycan Sənaye Korporasiyası” ASC üçün də istər yerli, istərsə də ölkələr arasında yeni biznes və iqtisadi ticarət əlaqələrinin inkişafına start vermək baxımından əhəmiyyət daşıyır.
    “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak edən Belarus Respublikasının “Belqospişeprom” konserni ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC  arasında qarşılıqlı əməkdaşlıq barəsində imzalanan niyyət protokolu da məhz iki ölkə arasında birgə tərəfdaşlıq baxımından əhəmiyyətlidir. Protokolu Belarus Respublikası tərəfindən konsernin sədri  Aleksandr Zabello, Azərbaycan Respublikası tərəfindən Korporasiyanın baş direktoru Kamran Nəbizadə imzaladı. Birgə əməkdaşlıq niyyəti daşıyan bu sənəd çərçivəsində məqsəd “Azərtütün Aqrar Sənaye Kompleksi ” MMC ilə “Belqospişeprom” konserninin nəzdində fəaliyyət göstərən “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC arasında tütün məhsullarının ixracı üzrə müqavilənin imzalanması, 2019-cu ilin iyun-iyul aylarında qarşılıqlı səfərlərin təşkili, məhsul istehsalı sahəsində müəssisələr arasında təcrübə mübadiləsi, “Qrodnenskaya tabaçnaya fabrika “Neman” ASC-də tütün məmulatlarının istehsal prosesi ilə tanışlıq və birgə istehsal layihələrinin həyata keçirilməsi istiqamətində imkanların araşdırılması barəsində razılığın  əldə olunmasıdır.    

Fotolent

Yeni Tədbir