Azərbaycan Xəzər İnnovasiya Texnologiyaları Sərgisində Milli Pavilyonla çıxış edir

Türkmənistanın Türkmənbaşı şəhərində yerləşən “Avaza” milli turizm zonasında Birinci Xəzər İqtisadi Forumu keçirilir.
Tədbir çərçivəsində beynəlxalq konfrans, “Xəzər innovasiya texnologiyaları” sərgisi təşkil olunub. Həmçinin Xəzəryanı dövlətlərin Nəqliyyat nazirlərinin görüşü planlaşdırılıb.
Forum iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də nəqliyyat və logistika, sənaye, turizm, energetika, ticarət sahələrində yeni texnologiyalar, xidmətlər və həllərlə tanışlıq, həmçinin işgüzar münasibətlərin qurulması üçün mühüm platforma rolunu oynayır.
Forumda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə yanaşı Azərbaycan da milli pavilyonla təmsil olunub. Qeyd edilən tədbirlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nümayəndə heyəti iştirak edir. Milli pavilyonumuzda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin son innovativ məhsul, xidmət və həlləri nümayiş etdirilir. Forumda həmçinin "Azərbaycan Sənaye Korporasiyası" ASC iştirak edib.
Sərgidə İnnovasiyalar Agentliyinin Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri olan “Virtual cərrahiyyə” startapı da təqdim olunur. “Virtual cərrahiyyə” layihəsi müasir texnologiyaların tətbiqi ilə daha dəqiq və effektiv cərrahi əməliyyat modelinin hazırlanmasına xidmət edir. Belə ki, KT (kompüter tomoqrafiyası) və ya MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrinin 3D formatı və cərrahi əməliyyatın virtual planlaşdırma sxemi xüsusi holoqrafik cihaza ötürülür. Bundan sonra cərrah artırılmış reallıq eynəyi taxaraq onun kompüterində olan məlumatı xüsusi proqram təminatı ilə əməliyyat sahəsinə yerləşdirir.
Beləliklə, cərrah əməliyyat sahəsinin real görüntüləri ilə yanaşı, gözə görünməyən anatomik strukturların 3D formatda radioloji görüntüsünü əldə edir.
Məlumat Hesablama Mərkzinin stendində Mobil Cihazların Qeydiyyat Sistemi nümayiş olunur. Mobil Cihazların Qeydiyyat Sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Sistem texniki parametrləri standartlara uyğun olmayan mobil cihazların idxalının qarşısının alınması, itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması, ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması və s. üstünlüklərə malikdir.
 

Fotolent

Yeni Tədbir