“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin əməkdaşları beynəlxalq səviyyəli onlayn seminarda iştirak etmişdir

            Seminar Beynəlxalq Mühasiblər Federasiyasının (International Federation of Accountants - İFAC) və Niderland Kral Mühasiblər İnstitutunun (The Royal Netherlands Institute of Chartered Accountants - NBA) birgə əməkdaşlığı ilə həyata keçirilmişdir. Seminarda dövri iqtisadiyyat modelinin tətbiqi ilə əlaqədar imkanlar, problemlər, həmçinin müasir maliyyə və mühasibatlıq sisteminin dövri iqtisadiyyat modelinin tətbiqində aparıcı rolu haqqında müzakirələr aparılmış, bu sahədə beynəlxalq maliyyə və iqtisadiyyat qurumları tərəfindən aparılan tədqiqatların nəticələri dinlənilmişdir.

            Seminarda dövri iqtisadiyyat modelində mal-material və əmtəələrin həqiqi dəyərinin, onların köhnəlmə və yenidən qiymətləndirmə metodlarının ənənəvi iqtisadi modellərdən fərqlənməsi, istehsalda istifadə olunan tullantı məhsullarının real dəyərinin müəyyən edilməsi dövri iqtisadiyyat modelinin əsas problemləri kimi təqdim edilmiş və müasir maliyyə və mühasibat sistemlərinin bu problemlərin həllində aparıcı rolu müzakirə edilmişdir.

            Dövri iqtisadiyyat modeli biznes və iqtisadi fəaliyyətlərin regenerativ və ya bərpaedici modellərə əsasən dizayn edilməsini, sənayedə istifadə olunan resurslardan mümkün olan ən yüksək səmərəliliyin əldə olunmasını, tullantı məhsullarının yenidən istehsala cəlb edilməsini təklif edir. Bu model iqtisadi və biznes fəaliyyətlərinin ətraf mühitin, xüsusilə də dünya okeanının ekosisteminə təsirini minimum səviyyəyə endirməyi hədəfləyən yeni iqtisadiyyat modelidir.

 

Fotolent