Müasir dünyada rəqabət qabiliyyətli insan kapitalının formalaşdırılması dayanıqlı inkişafın təmin edilməsinin əsas faktorlarından biri olaraq dövlətlərin strateji hədəfləri sırasında əhəmiyyətli yer tutur. Post-neft dövründə iqtisadi-sosial inkişafın möhkəmləndirilməsi, səmərəli texnoloji həllərin öyrənilməsi, digər sahələrdə innovativ və mütərəqqi addımların atılması üçün insan kapitalının inkişaf etdirilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşmiş beş Milli Prioritetdən biri də məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır.
“Azərbaycan Sənaye Korporasiyası” ASC ölkə səviyyəsində müəyyən edilmiş prioritetləri və qurumun qarşısında olan mühüm vəzifələri nəzərə alaraq özünün kadr potensialının inkişafı istiqamətlərini müəyyən etmişdir. Bu istiqamətlər üzrə Korporasiya yarandığı gündən etibarən kadr potensialını gücləndirmək məqsədi ilə əməkdaşlarının bilik və bacarıqlarının artırılmasının təmin edilməsi, onların qabaqcıl təcrübə və biliklərin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətlərdə bir neçə uğurlu əməkdaşlıqlar qurmuş, təlimlər təşkil etmiş və əməkdaşlarının beynəlxalq dərəcəli sertifikasiyalarda iştirakını dəstəkləmişdir.
Qeyd edilən fəaliyyətlərin davamı olaraq cari ildə Korporasiya dünyada maliyyə sahəsi üzrə tədris və sertifikasiya mərkəzi kimi tanınan Kanadanın “Corporate Finance İnstitute” ilə beynəlxalq səviyyəli təlim və sertifikasiya imtahanlarının təşkilinə dair müqavilə imzalamış və əməkdaşları həmin qurumun hazırladığı 4 proqram (“Maliyyə Modelləşdirilməsi və Qiymətləndirmə Analizi” (Financial Modeling & Valuation Analyst (FMVA)®), “Kapital Bazarları və Qiymətli Kağızların Analizi” (Capital Markets & Securities Analyst (CMSA)®), “Biznes Təfəkkürü və Data Analiz” (Business Intelligence & Data Analyst (BIDA)™), “Kommersiya Bankçılığı və Kredit Analitiki” (Commercial Banking & Credit Analyst (CBCA)™) üzrə təlimlərə qoşulmuş və təlimlərin yekunu olaraq sertifikasiya imtahanlarına hazırlığa başlamışdır.
Maliyyə departamentinin bir qrup əməkdaşı mövcud təlim və sertifikasiya proqramlarının əsas istiqamətindən biri olan “Maliyyə Modelləşdirilməsi və Qiymətləndirmə Analizi” (Financial Modeling & Valuation Analyst (FMVA)®) proqramı üzrə təlimləri uğurla başa vuraraq sertifikasiya imtahanında iştirak etmiş və imtahandan uğurla keçərək sertifikatlara yiyələnmişdir.
Əməkdaşların bu təlim və sertifikasiya proqramlarında iştirakı ilə əldə edilən bilik və bacarıqları Korporasiyanın iri layihələrinin icrasında, maliyyə modellərinin hazırlanması və praktiki tətbiqində mühüm rol oynamışdır.
Korporasiya əməkdaşlarının davamlı olaraq beynəlxalq səviyyəli təlim və sertifikasiya proqramlarında iştirakını təşviq etməklə mövcud kadr potensialını daha da gücləndirmək niyyətindədir.