“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin “Tədqiqat, innovasiya və “startup”lara” dəstək” şöbəsinin əməkdaşları beynəlxalq səviyyəli tədbirlərdə təmsil olunmuşlar

        2022-ci ilin yanvar ayında “Fintech Asia 2022” sammiti çərçivəsində “Point to Business Services” tərəfindən  beynəlxalq onlayn tədbir  keçirilmişdir.  “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  “Tədqiqat, innovasiya və “startup”lara” dəstək” şöbəsinin əməkdaşı sözügedən tədbirdə iştirak etmişdir. Qeyd olunmalıdır ki, Korporasiya “Fintech Asia 2022”-in  təşkilati işlərində xüsusi fəallıq göstərmişdir.

       Sammitdə  blockchain, kiber təhlükəsizlik, açıq bankçılıq, kripto valyuta,  ödənişlər, rəqəmsal bankçılıq, pərakəndə bankçılıq, mobil bankçılıq, süni intellekt,  DeFi,  fintech iştirakçıları və digər mövzular müzakirə olunmuşdur. “Fintech Asia 2022”  sammitində   “Bank, maliyyə xidmətləri və sığorta sektoru” (BFSI),  eləcə də Asiyanın digər sənaye sahələrini  təmsil  edən  600-dən çox nümayəndə iştirak etmişdir. Korporasiya  sənaye  sahəsini  təmsil  edən qurum olaraq bu müzakirələrə qatılmışdır.  Tədbirin gündəliyini 8 əsas məruzə olmaqla Asiyanın tanınmış  fintech liderlərindən  ibarət  3  interaktiv  panel  müzakirələrindən ibarət olmuşdur.  Sammit  “PLDT Enterprise”, “IOV Labs”, “Jetcoin”, “Fresh” və “Volopay” şirkəti tərəfindən maliyyələşdirilmiş və dəstəklənmişdir. 

        “Tədqiqat, innovasiya və “startup”lara” dəstək” şöbəsinin digər əməkdaşı isə bu günlərdə  “INSEAD” beynəlxalq təlim mərkəzinin təşkilatçılığı ilə keçirilən  "INSEAD Workshop: Venture Capital, Business Angels & Start Ups" adlı beynəlxalq onlayn tədbirdə iştirak etmişdir.  Korporasiyanın nümayəndəsi  həmin tədbirə “Xarici inkubatorların və “Angel” investorların marağına səbəb ola biləcək layihələrin tanıtımı strategiyasının düzgün qurulması” mövzusu ilə qatılmışdır. 

        ABŞ, Kanada, Danimarka, Estoniya, Polşa, Litva kimi ölkələrdən olan təmsilçilərin iştirak etdiyi  tədbirin əsas mövzusu ölkədə fəaliyyət göstərən və artıq daxili bazarda hər hansı bir məhsul təqdim edə bilən startup komandaların beynəlxalq bazarlara çıxış strategiyaları, həmçinin xarici “Angel” investorların hər hansı bir xarici startupa investisiya yatırımları edən zaman diqqət etdiyi məqamlardan ibarət olmuşdur. Tədbirin digər əsas mövzularından biri də 1-ci və 2-ci mərhələ üzrə investisiya cəlb etmiş bəzi nümunə şirkətlər və onların vençur fondları ilə münasibətləri olmuşdur.

Fotolent