Tələbələr “Azəralüminium”da istehsalat təcrübəsi keçirlər

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında bağlanan əməkdaşlığa dair Müqavilənin icrasının nəticəsi olaraq, ölkəmizdə metallurgiya sahəsinin inkişaf etdirilməsi və müvafiq kadr bazasının yaradılması məqsədilə bu universitetin bir qrup tələbəsi “Azəralüminium” MMC-də istehsalat təcrübəsi keçməyə başlamışdır. Müəssisə ölkənin əlvan metallurgiya sənayesinin aparıcı sahəsi sayılan boksit və alunit filizindən alüminium məhsullarının istehsalı üzrə aparıcı şirkətdir və Gəncə şəhərində yerləşir.

“Azəralüminium” MMC-nin Gil-Torpaq İstehsalat Sahəsi ilə tanış olan tələbələr ilkin olaraq SƏTƏM qrupunda texniki təhlükəsizlik haqqında filimə baxmış, müvafiq təlimat almışlar. Tələbələr Gil-Torpaq İstehsalat Sahəsində gedən texnoloji proseslər haqqında məlumatlandırılıblar. İstehsalat təcrübəsi iyul ayının sonuna kimi davan edəcək və təcrübə ərzində tələbələr “Azəralüminium” MMC-nin digər istehsalat sahələri ilə də yaxından tanış olacaqlar.

“Azərbaycan Sənaye Korporasiyası” ASC və Azərbaycan Texniki Universiteti arasında bağlanan bu Müqavilə əlaqələrin inkişaf etdirilməsi, müasir dövrün tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığı və onların səviyyəsinin yüksəldilməsi, tələbələrin törəmə müəssisələrdə istehsalat təcrübəsi keçməsi, birgə tədbirlərin təşkili, innovasiya və startapların tətbiqinə xidmət edir.

 

Yeni Təcrübə proqramları