Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ölkədə əlverişli ekosistemin inkişafı, o cümlədən yeni ideyaların yaradılması və innovativ sahibkarlığın təşviqi məqsədilə startap layihələrinə birbaşa dəstək göstərmək sahəsində razılıq əldə ediblər. İki qurumun yeni əməkdaşlıq müstəvisi startaplar üçün yeni imkanlar açır. Belə ki, İnnovasiyalar Agentliyinin ABCD təsnifatlaşdırma prosesindən keçmiş və sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə ixtisaslaşmış startaplar innovativ layihələrini “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin regionlardakı müvafiq istehsalat sahələrində təcrübə edərək sınaqdan keçirə biləcəklər.
Fəaliyyət planına əsasən birgə təlim və proqramların keçirilməsi, startap layihələrinin kommersiyalaşma səviyyəsinə çatdırılması, faydalı və texnoloji məlumatların açıq mübadiləsinin həyata keçirilməsi üçün məlumat bazasının yaradılması da əməkdaşlığın prioritet məqsədlərindəndir.