ADA Universiteti və Azərbaycan Sənaye Korporasiyası iqtisadiyyat və biznes sahəsində gənc istedadları dəstəkləyəcək.

"Azərbaycan Sənaye Korporasiyası" ASC və ADA Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Sənədi universitetin prorektoru Fariz İsmayılzadə və korporasiyanın baş direktoru Kamran Nəbizadə imzalayıblar.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə memorandumun tələbə və məzunların məşğulluq imkanları, eləcə də elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyət daşıdığını bildirib.
Korporasiyanın baş direktoru Kamran Nəbizadə qarşıda duran vəzifələrin həllində ixtisaslı və peşəkar kadrların çatışmazlığının əsas çətinliklərdən biri olduğunu vurğulayaraq, qeyd edib ki, imzalanan sənəd, ilk növbədə, istedadlı gənclərin işlə təmin olunmasına xidmət etməlidir.
İlkin olaraq bir il müddətində nəzərdə tutulan əməkdaşlıq zamanı tərəflər tələbələr arasında biznes ideyalarının yaranması, innovativ təşəbbüslərin gerçəkləşməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə araşdırmaların aparılmasına dair birgə proqramlar həyata keçirəcəklər. ADA Universitetinin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan statistika və təhlillərin aparılması istiqamətində əməkdaşlığın qurulması da nəzərdə tutulur.
Mövcud iqtisadi imkanların artırılması istiqamətində görülən işlərlə yanaşı "Azərbaycan Sənaye Korporasiyası" ASC universitetdə fəaliyyət göstərən ixtiraçıların aşkarlanması, onların təkliflərindən korporasiyanın üzvlərinin yararlanması üçün tədbirlər görəcək. Bundan əlavə, tələbə təqaüdləri proqramlarına dəstək olmaqla tərəfdaşlar iqtisadiyyat və biznes sahəsində ən yaxşı istedadların üzə çıxarılmasını təmin edəcəklər.
 

Fotolent

Yeni Təcrübə proqramları